"Gələn ilin dövlət büdcəsində bələdiyyələr üçün verilən subsidiya və subvensiyaların həcmi artırılıb və buna nəzarət mexanizmi gücləndirilməlidir".
“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin noyabrın 13-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Onun sözlərinə görə, həmin vəsaitlərin hər hansı sosial layihələrə, nəyinsə tikilib gəlir gətirməsinə, yaxud əməkhaqqı, nəqliyyat vasitəsinə, mebelə sərf olunmamasına nəzarət edilməlidir: "Prezident bir neçə dəfə tapşırıq verib ki, sənədsiz evlər qeydiyyata alınsın. Elə adam var ki, indi yaşadığı evdə nəvəsini evləndirib, ancaq evi indiyədək qeydiyyatsızdır. Görəsən, BMT qeydiyyatla bağlı qətnamə çıxarmalıdır?! Qeydiyyatsız evlərin sayı bir milyona çatır. Halbuki bu qədər çox sayda evin qeydiyyata alınması ilə yığılan vergilər, kommunal ödənişlər dövlət büdcəsinə daxil olacaq. Ona görə də qeydiyyatsız evlər sənədləşdirilməlidir. Amma bu gün vəziyyət əksinədir və vətəndaş qeydiyyatdan çıxarılır, nəticədə dövlətdən narazı salınır. Hətta şəxsiyyət vəsiqəsi də vermirlər ki, ev qeyri-qanuni tikilib. Hansı ki, vətəndaş 30 ildir orada yaşayır. Bu məsələ öz həllini tapmalıdır”.