Sahibə Qafarova: “Ordumuzun Vətən müharibəsindəki şücaəti dünya tarixinə qızıl hərflərlə yazılıb”

Sahibə Qafarova: “Ordumuzun Vətən müharibəsindəki şücaəti dünya tarixinə qızıl hərflərlə yazılıb” “Biz Vətən müharibəsində əldə etdiyimiz qələbəni təmin edən bir çox amilləri qeyd edə bilərik. Birmənalı olaraq vurğulaya bilərik ki, ən mühüm amil son 28 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomeni
Milli Məclis
24 Dekabr , 2021 07:27
Sahibə Qafarova: “Ordumuzun Vətən müharibəsindəki şücaəti dünya tarixinə qızıl hərflərlə yazılıb”
Sahibə Qafarova

“Biz Vətən müharibəsində əldə etdiyimiz qələbəni təmin edən bir çox amilləri qeyd edə bilərik. Birmənalı olaraq vurğulaya bilərik ki, ən mühüm amil son 28 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomenidir”.

“Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın rəsmi mətbuatda dərc olunan məqaləsində yer alıb.

Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqlarına və çağırışlarına uyğun, böyük məharətlə həyata keçirilən siyasət, ölkəmizin güclü iqtisadi əsaslara malik olması Vətən müharibəsində qələbəni təmin edən ən mühüm məsələlərdən biri olub: “Ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı, davamlı tərəqqi, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmişdir, Azərbaycanın iqtisadi sütunları möhkəmdir, kifayət qədər böyük iqtisadi və maliyyə imkanlarına malikdir. Dayanıqlı iqtisadi inkişaf Azərbaycanda bütün sahələrdə olduğu kimi, qüdrətli ordu quruculuğu istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirməyə imkan vermiş, ölkəmizin müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələri formalaşdırılmışdır. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgər və zabitlərimizin əksəriyyəti məhz müstəqillik dövründə dünyaya gəlmiş gənclərimiz olmuşdur.

Son illərdə Ordumuzun maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmiş, Silahlı Qüvvələrimiz ən müasir döyüş texnikaları ilə, silah-sursatla təmin olunmuşdur. Görülən məqsədyönlü tədbirlər nəticəsində dünya miqyasında 50 ən güclü ordu sırasında olan Azərbaycan Ordusunun texniki imkanları böyük dərəcədə artmış və İkinci Qarabağ müharibəsində bunu bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaət, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazılmışdır. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd, çoxsaylı strateji yüksəkliklər azad olunmuş, Ermənistan ordusu şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edilmişdir. Eyni zamanda biz ölkəmizdəki sabitliyi, milli birliyi, həmrəyliyi, xalqımızın öz lideri ətrafında “dəmir yumruq” kimi birləşməsini tarixi zəfərin əsas səbəblərindən biri kimi dəyərləndirə bilərik”.

Milli Məclisin sədri qeyd edib ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq: “Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bu qələbə sayəsində qalib xalq kimi özünü dünyaya ləyaqətlə təqdim etmişdir. Ali Baş Komandan Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatmışdır. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və əbədi yaşayacaqdır.

Ölkəmizin gələcəklə bağlı hədəfləri də kifayət qədər aydındır. Möhtərəm Prezident İlham Əliyev yeni dövrü quruculuq, inkişaf dövrü kimi xarakterizə etmişdir. Azərbaycan münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə qədəm qoymuşdur. Söhbət işğaldan azad olunan ərazilərimizin yenidən qurulması ilə yanaşı, regionda yeni proseslərin başlanmasından gedir. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı xüsusilə regionda kommunikasiya xətlərinin açılması ilə əlaqədar olan 11 yanvar 2021-ci il tarixli üçtərəfli Bəyanatla daha da inkişaf etdirilmiş, regionda nəqliyyat kommunikasiya xətlərinin açılması üçün konkret istiqamətlərdə fəaliyyətə başlanılmışdır.

Nəqliyyat, kommunikasiya, infrastruktur layihələri regionda sülh, təhlükəsizlik və inkişafa töhfə verəcək və bütün türk dünyası eyni zamanda digər ölkələr üçün də əlavə imkanlar yaradacaqdır. Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən çox önəmli Zəngəzur dəhlizinin yaradılması əməkdaşlığı daha da gücləndirəcək, habelə ticarət dövriyyəsinin artmasına xidmət edəcəkdir. Füzulidə yeni beynəlxalq aeroportun inşası, gələcəkdə Zəngilan və Laçında da tikintisi davam edən beynəlxalq hava limanlarının istismara verilməsi regionun nəqliyyat imkanlarını daha da genişləndirəcək”.

Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, işğaldan azad olunmuş ərazilərimizdə sıfırdan yeni şəhərlər və kəndlər inşa edir: “Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür. Bölgənin zəngin yeraltı və yerüstü təbii ehtiyatlara malik olması, gələcəkdə əlverişli investisiya mühitinin yaradılması onun iqtisadi potensialını daha da artıracaqdır. Həyata keçiriləcək tədbirlər milli iqtisadiyyatımızın da inkişafına təkan verəcəkdir. Çünki azad edilmiş bölgələrin iqtisadi potensialı kifayət qədər böyükdür və ölkəmiz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirəcəkdir”.

Son xəbərlər

Orphus sistemi