Sahibə Qafarova Macarıstan-Azərbaycan parlament dostluq qrupu ilə görüşüb

Sahibə Qafarova Macarıstan-Azərbaycan parlament dostluq qrupu ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Macarıstanda səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ölkəmizlə parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.
Milli Məclis
30 İyun , 2021 11:26
Sahibə Qafarova Macarıstan-Azərbaycan parlament dostluq qrupu ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Macarıstanda səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ölkəmizlə parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin Sədrini və nümayəndə heyətinin üzvlərini salamlayan Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki bu səfərin parlamentlərarası münasibətlərin inkişafına dəyərli töhfə verəcəyinə əminliyini bildirib.

Diqqətə çatdırıb ki, parlamentlər arasındakı münasibətlər dövlətlərarası əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynayır. Bu sahədə parlamentlərarası dostluq qrupları xüsusi əhəmiyyətə malikdir. Pandemiya bitdikdən sonra qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyindən danışan dostluq qrupunun rəhbəri hər iki ölkə deputatlarının beynəlxalq təşkilatlarda yaxın əməkdaşlığından, bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.

Görüşdə çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Macarıstanla mövcud parlamentlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Milli Məclisdə Macarıstanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. İnanıram ki, deputatlarımız bu əməkdaşlıq ənənəsini beynəlxalq parlament təşkilatları çərçivəsində də bundan sonra da davam etdirəcəklər. Spiker Macarıstanın müşahidəçi statusuna sahib olduğu TÜRKPA - parlament ölçüsü də daxil olmaqla Türk dünyası ilə artan əməkdaşlıq tendensiyasından məmnunluğunu bildirib. Qeyd edib ki, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimiz arasındakı qarşılıqlı dəstək və tərəfdaşlıq ölkələrimizin mövqelərinin möhkəmlənməsinə xidmət etməyə davam edəcək.
Milli Məclisin Sədri Macarıstan hökumətinə, macarıstanlı deputatlara 44 günlük Vətən Müharibəsi dövrü də daxil olmaqla, Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Diqqətə çatdırıb ki, artıq müharibə başa çatıb. Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramına başlayıb. Tərəflər 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatla bütün məsələləri həll etmək barədə razılığa gəlsələr də, Ermənistan azad edilmiş torpaqlarımızdakı minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Müharibə bitdikdən sonra mina partlayışı nəticəsində yaralanan, həlak olan jurnalistlər, hərbi qulluqçular və mülki şəxslər var.

Sonra görüşdə dostluq qruplarının üzvləri - Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin komitə sədri Ziyafət Əsgərov, deputatlar – Kamilə Əliyeva, Asim Mollazadə, Elman Nəsirov, Macarıstan tərəfindən Pal Zsigmond-Barna, Csaba Gyüre, Laszlo B. Nagy, Gergely Farkas və Zsolt Csenger çıxış edərək ölkələrimiz arasında münasibətlərin mövcud vəziyyəti, parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında rolu və digər məsələlər haqqında fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi