Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Braziliya Milli Konqresi Senatının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, senator Antonio Anastasia ilə görüşüb.
"Report" xəbər verir ki, Milli Məclisin sədri görüş zamanı Azərbaycanla Braziliya arasında əlaqələrin inkişafında müsbət dinamikanın mövcud olduğunu bildirib.
Azərbaycan BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində Braziliya ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Diplomatik əlaqələrimizin yaradıldığı 30 ilə yaxın müddət ərzində iki ölkə arasında münasibətlərin hüquqi bazası formalaşdırılıb.
İki ölkənin parlamentlərarası əlaqələrindən danışan Sahibə Qafarova bildirib ki, həm Milli Məclisdə, həm də Braziliya Milli Konqresinin Senatında və Deputatlar Palatasında qarşılıqlı parlamentlərarası əlaqələr üzrə işçi qrupların fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımız beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər.
Milli Məclisin sədri söhbət zamanı braziliyalı senatora 44 günlük Vətən müharibəsi haqqında da məlumat verib. O bildirib ki, ötən il 27 sentyabrda Ermənistan tərəfindən törədilən növbəti təxribatdan sonra Azərbaycan əks-hücum əməliyyatına başlayıb və beynəlxalq sənədlərdə də əksini tapmış özünümüdafiə hüququndan istifadə edərək öz torpaqlarını işğaldan azad edib. 10 noyabr tarixində Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanatla münaqişə həll olunub. Azərbaycan bununla da torpaqlarımızın Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyub və öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının müvafiq 4 qətnaməsinin icrasını öz gücü hesabına təmin edib.
Söhbət zamanı senator Antonio Anastasianın işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etdiyini və orada baş vermiş dağıntıları öz gözləri ilə gördüyünü xatırladan spiker vurğulayıb ki, işğaldan sonra Ağdamın və digər şəhər və rayonlarımızın yalnız adları qalıb. Ermənistan 30 il işğal altında saxladığı bütün yaşayış yerlərini, şəhər və kəndlərimizi, infrastrukturu, tarixi və mədəniyyət abidələrini tamamilə dağıdıb, məhv edib. Hazırda isə minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina edən Ermənistan bununla da təxribatlarını davam etdirir.
Milli Məclisin sədri həmçinin qeyd edib ki, Azərbaycan çoxmillətli və tolerant ölkədir. Azərbaycan regionda daimi sülh və əmin-amanlığın təmin olunmasına çalışır. O, hazırda ölkəmizin işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başladığını bildirib və görülən işlər barədə də qonağa məlumat verib.
Görüşdə Braziliya Milli Konqresi Senatının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, senator Antonio Anastasia ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin perspektikləri haqqında fikirlərini bölüşüb. Qonaq yüksək səviyyəli səfərlərin münasibətlərin inkişafındakı xüsusi rolunu qeyd edib.
Söhbətdə Azərbaycanla Braziliya arasında əlaqələrin inkişafında parlamentlərin rolu, bu sahədə dostluq qruplarının əhəmiyyəti vurğulanıb. Parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi üçün qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin verə biləcəyi töhfələrdən danışılıb.
Senator Antonio Anastasia Azərbaycana səfəri çərçivəsində Gəncə və Ağdama səfər etdiyini və reallıqların şəxsən şahidi olduğunu diqqətə çatdırıb. Qonaq işğaldan azad edilmiş ərazilərin tezliklə inkişaf etmiş bölgəyə çevriləcəyinə inamını bildirib.
Görüşdə digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.