"Türkiyə Cümhuriyyətinin 98 il öncə böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan rifah və quruculuq yolu türk xalqının nələrə qadir olduğunu dünyaya göstərmişdir. Xüsusən, son illərdə Türkiyə Cümhuriyyəti türk dünyasının böyük siyasi və dövlət xadimi cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçmişdir. Cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrət doğuran uğurlar qazanılıb".
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Cümhuriyyətinin milli bayramı münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biridir: "Qardaş ölkənin bu yüksəlişi bizi ürəkdən sevindirir, çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür".
Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərə əsaslanan səmimi əlaqələrin beynəlxalq münasibətlər sistemində nadir nümunə olduğunu bildirən S.Qafarova deyib ki, xalqlarımızın və dövlətlərimizin dostluğu və qardaşlığı bizim ən böyük sərvətimizdir. Milli Məclisin sədri vurğulayıb ki, ölkələrimiz arasında münasibətlər ulu öndər Heydər Əliyevin ifadə etdiyi "bir millət, iki dövlət" prinsipi üzərində qurulmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, "Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır".
S.Qafarova qeyd edib ki, xalqlarımız XX yüzilin əvvəllərində Çanaqqala savaşında da, Bakının erməni-bolşevik zülmündən və əsarətindən xilas edilməsi uğrunda döyüşlərdə də, 2020-ci ilin sonlarında erməni faşizminə qarşı Vətən müharibəsində də bir idilər, bu gün də birgədirlər, həmişə birlikdə olacaqlar.
O xatırladıb ki, 10 gündən sonra Azərbaycan Zəfər gününü ilk dəfə qeyd edəcəkdir. Torpaqlarımızın işğalına son qoymaq, Qarabağda Azərbaycan bayrağını yüksəltmək üçün ötən il müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar zamanı dünya Türkiyə–Azərbaycan dostluğuna və qardaşlığına bir daha şahid oldu. Müharibənin ilk dəqiqələrindən sonuna qədər Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək, bütün Türkiyənin, türk xalqının tutduğu qəti mövqe hər kəsə göstərdi ki, Azərbaycan haqq işi uğrunda mübarizədə tək deyildir. Türkiyə və onun lideri hər yerdə və hər zaman Azərbaycanın yanındadır.
Spikerin sözlərinə görə, ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqaz bölgəsində yeni reallıq yaratdı: "Bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən və ona yeni çalarlar gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir. Bunu da qürurla söyləmək olar ki, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin iyun ayında Şuşanı ziyarət etmələri, iki dövlətin müttəfiqlik əlaqələri haqqında Şuşa bəyannaməsinin imzalanması, bu günlərdə isə dövlət başçılarının Füzulidə beynəlxalq hava limanını açmaları, Zəngilanda Azərbaycanla Türkiyəni bir-birinə daha sıx bağlayacaq Zəngəzur dəhlizinin təməlini qoymaları, digər böyük layihələrin icrasına xeyir-dua vermələri xalqlarımızın dostluq və qardaşlığının yeni bir nümayişi oldu".