Qanunvericiliyə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı yeni fəsil əlavə olunur

Milli Məclis
  • 06 iyun, 2023
  • 09:57
Qanunvericiliyə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı yeni fəsil əlavə olunur

Azərbaycan qanunvericiliyinə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı yeni fəsil əlavə olunur.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Yeni fəsildə qeyd edilib ki, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet (nadir) minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək.

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfındən ödənilməsi gömrük orqanları tərəfindən təmin ediləcək.

Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödəniləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.