“Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimi məqsədilə ev sahibi ölkəyə gətirilən təchizat və avadanlıqlar gömrük rüsumlarından və vergilərdən azad ediləcək.
"Report"un xəbərinə görə, bu, parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Sənəddə həmçinin qeyd edilib ki, Anlaşma Memorandumu 1 il müddətinə qüvvədə qalır və Tərəflərdən birinin digərlərinə Anlaşma Memorandumunun müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə onu ləğv etmək niyyəti barədə yazılı olaraq bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq sonraki bir illik müddətlərə uzadılır. Bu Anlaşma Memorandumu bildirişin alındığı tarixdən 30 gün sonra ləğv edilir.
Anlaşma Memorandumu tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə və ona əlavələr edilə bilər. Belə dəyişiklik və əlavələr bu Anlaşma Memorandumunun tərkib hissəsi olub ayrıca sənəd şəklində bağlanılır və bu Anlaşma Memorandumu ilə eyni qaydada qüvvəyə minir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.