Yuxarı

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik edilib

Dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib.

“Report”un xəbərinə görə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

Bu qanuna əsasən, prokurorluq işçilərinin peşəkarlıq səviyyəsinin tutduğu vəzifəyə uyğun olub-olmamasını müəyyən etmək məqsədi ilə kadrların düzgün seçilməsində, yerləşdirilməsində və tərbiyə edilməsində, peşə hazırlığının və məsuliyyət hissinin artırılmasında, habelə xidməti intizamın gücləndirilməsində mühüm vasitə olan attestasiya keçirilir.

Prokurorluq işçilərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" qanunla ilə müəyyən edilən qaydada həyata keçirilir.

Prokurorluq işçilərinin attestasiyasının keçirilməsi qaydası Azərbaycanın baş prokuroru tərəfindən müəyyən edilir.

Hərbi prokurorluğun işçilərinin attestasiyası hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınmaqla prokurorluq orqanlarının kadrları üçün müəyyən edilmiş ümumi tələblərə uyğun həyata keçirilir.

Attestasiya olunan prokurorluq işçisinə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.

Dəyişikliyə əsasən, qaydaya yeni-14.6 bəndi əlavə edilir. Prokurorluq işçilərinin işlədiyi müddətdə nəzəri biliklərinin və peşə hazırlığının vaxtaşırı qiymətləndirilməsi yalnız bu qanunun 14.1-ci maddəsində müəyyən edilən hallarda həyata keçirilir. Bu məqsədlə hər hansı digər vaxtaşırı qiymətləndirmə üsulları (imtahan və sair) tətbiq edilə bilməz.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi