Sentyabrın 19-da Milli Məclisin Gənclər və idman komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
"Report" xəbər verir ki, iclası açan Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təklifi ilə Ümummilli Lider Heydər Əliyevin və bu gün erməni diversantlarının törətdikləri növbəti terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri xatırladıb ki, bu il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. O, “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda və xarici ölkələrdə keçirilən tədbirlərdən söz açaraq, parlament rəhbərliyinin, o cümlədən komitə üzvlərinin bu tədbirlərdə fəal iştirak etdiyini qeyd edib.
Sonra Adil Əliyev diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat və komitənin 2023-cü ilin payız sessiyası üçün iş planı daxil edilib.
Komitə sədri əvvəlcə 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Gənclər və idman komitəsində görülən işlər barədə danışıb. Bildirib ki, ötən sessiyalarda komitə səmərəli fəaliyyət göstərib. Bu müddətdə komitənin 2 iclası keçirilib, həmin iclaslarda 5 məsələyə baxılıb. Komitədə baxılan qanun layihələri haqqında məlumat verən komitə sədri ötən dövrdə keçirilən tədbirlər və 2 Fevral Gənclər Gününə həsr edilmiş “Heydər Əliyev – müasir Azərbaycan gənclər siyasətinin banisi” mövzusunda ictimai dinləmə barədə danışıb. Diqqətə çatdırılıb ki, ötən sessiyada komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 1182 məktub, müraciət və sənəd daxil olub. Qeyd edilib ki, onlardan 464-ü yazılı şəkildə poçt vasitəsilə, 718-i isə müxtəlif sosial şəbəkələr vasitəsilə daxil olub.
Bildirilib ki, komitənin sədri və üzvləri hesabat dövründə Vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri ilə görüşlərdə, həmçinin Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlərdə iştirak ediblər.
Diqqətə çatdırılıb ki, 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Gənclər və idman komitəsində ümumilikdə 437 vətəndaş qəbulu keçirilib. Hesabat dövründə komitə sədri və üzvləri bir sıra ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərdə iştirak ediblər, təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib, müzakirələr aparıb, ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı fəal mövqe nümayiş etdiriblər.
Sonra iclasda komitənin 2023-cü ilin payız sessiyası üçün iş planına baxılıb. Qeyd edilib ki, qarşıdakı sessiyada büdcə zərfinin və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.
Eyni zamanda, iş planında “Heydər Əliyev İli” çərçivəsində tədbirlərin keçirilməsi, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlər, vətəndaşların qəbulu, ərizə və şikayətlərlə işin təşkili və digər məsələlər nəzərdə tutulub. Həmçinin “Ulu Öndər Heydər Əliyev və Azərbaycan idman siyasəti” və “Qərbi Azərbaycana qayıdışda gənclərin rolu” mövzusunda dinləmələr iş planında əks olunub.
Çıxış edən Gənclər və idman komitəsinin üzvü Etibar Əliyev iş planı ilə bağlı bir sıra təkliflər səsləndirib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə deputatların işinin səmərəliliyini artırmaq üçün hazırlanmış mobil tətbiq layihəsinin parlament Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov tərəfindən təqdimatı keçirilib.
Müzakirələrin sonunda Gənclər və idman komitəsinin Milli Məclisin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2023-cü ilin payız sessiyası üçün iş planı təsdiqlənib.
İclasda komitənin sədr müavini Şahin İsmayılov, üzvləri Mahir Abbaszadə, Ülvi Quliyev, Cavid Osmanov, Könül Nurullayeva, Sevinc Hüseynova, Vüqar İskəndərov, Jalə Əhmədova və digər rəsmi şəxslər iştirak ediblər.