Ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar aprelin 1-də silinəcək

Ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar aprelin 1-də silinəcək Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
Milli Məclis
20 Fevral , 2018 12:07
Ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar aprelin 1-də silinəcək

Bakı. 20 fevral. REPORT.AZ/ Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək.

“Report”un xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Qanun layihəsində bildirilib ki, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borcları tam məbləğdə silinir.

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixində yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

1.Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (Hesablanmış pensiyanın) 10 faizi ödənildikdə-maliyyə sankisyalarının (hesablanmış pensiyanın) ödənilməmiş 90 faizi silinir.

2. Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış pensiyanın) 30 faizi ödənildikdə-maliyyə sanksiyalarının (hesablanmış pensiyanın) ödənilməmiş 70 faizi silinir.

3. Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının(hesablanmış pensiyanın) 50 faizi ödənildikdə-maliyyə sanksiyalarının (hesablanmış pensiyanın) ödənilməmiş 50 faizi silinir.

Prezidentin imzası ilə Milli Məclisə daxil olmuş qanun layihəsi qəbul edilərsə, aprelin 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi