MSK Pənah Hüseynin şikayətini qismən təmin edib

MSK Pənah Hüseynin şikayətini qismən təmin edib Partiya sədri deyib ki, seçki bülletenləri yenidən sayılmalıdır
Milli Məclis
11 Noyabr , 2015 16:30
MSK Pənah Hüseynin şikayətini qismən təmin edib

Bakı. 11 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputatlığa namizəd olan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin şikayətinə baxılıb.
“Report”un məlumatına görə, P.Hüseyn şikayətində bildirib ki, noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı həmin seçki dairəsinin nəticələri ləğv edilməlidir.
P.Hüseyn qeyd edib ki, seçki bülletenləri yenidən sayılmalıdır. O, səsvermənin nəticələrinin şübhəli olduğunu iddia edib.
MSK üzvü Bəxşeyiş Əsgərov Ekspert Qrupunun araşdırmasına P.Hüseynin dəvət olunduğunu bildirib.
B.Əsgərov deyib ki, Ekspert Qrupunun araşdırması nəticəsində P.Hüseynin iddialarının əsassız olduğu məlum olub: “Sübut olunub ki, səsvermədə iştirak edən seçicilərin sayı ilə protokoldakı seçicilərin sayı eyni olub. Bundan əlavə, müşahidəçi kimi qeydə alınan şəxslərin səsverməni izləməsi üçün şərait yaradılıb”.

Araşdırma zamanı dairənin 13 saylı məntəqə seçki komissiyasında səslərin sayılması zamanı pozuntu aşkarlanıb. Həmin məntəqənin nəticəsi etibarsız sayılıb. Beləliklə, MSK P.Hüseynin şikayətini qismən təmin edib.

Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən, 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd Elçin Quliyev lider namizəd elan olunub.

Son xəbərlər

Orphus sistemi