Parlamentin bu gün keçirilən plenar iclasında “Milli Məclisin komitələri haqqında" qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
"Report" xəbər verir ki, dəyişiklik parlamentin komitə iclaslarının videokonfrans sistemi ilə keçirilməsi üçün nəzərdə tutulan vaxtın aradan qaldırılmasını nəzərdə tutur.
Hazırkı qanuna əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək. Videokonfrans sistemi vasitəsi ilə keçirilən iclaslarda səsvermə ilə bərabər, həm də qeydiyyat deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.
Qanunun qüvvədə olma müddəti 2020-ci il dekabrın 30-dək olan dövrü əhatə edirdi.
Qanuna təklif edilən dəyişikliklə isə bu müddət aradan qaldırılır.
Müzakirələrdən sonra layihə III oxunuşda qəbul edilib.