“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib

“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.
Milli Məclis
18 Sentyabr , 2023 16:16
“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib

Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

"Report" xəbər verir ki, iclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə üç məsələ daxil edilib.

Komitə sədri əvvəlcə Milli Məclisin 2023-cü il yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatını təqdim edib. Qeyd olunub ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, iclaslarda 16 məsələyə baxılıb. Baxılan məsələlər barədə məlumat verən komitə sədri müzakirələrdən keçən qanun layihələrinin elm və təhsil sahəsində həyata keçirilən uğurlu islahatların hüquqi bazasının möhkəmləndirilməsinə xidmət etməsindən danışıb.

Keçən sessiyalar dövründə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclis tərəfindən ölkə və beynəlxalq miqyasda keçirilən tədbirlərdən söz açan Bəxtiyar Əliyev deputatların, o cümlədən komitə üzvlərinin bu tədbirlərdə fəal iştirakını qeyd edib. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə 227 müraciət daxil olub, onlarla bağlı müvafiq tədbir görülüb. Komitə sədri, həmçinin elm və təhsil sahəsinin aktual məsələləri ilə bağlı komitənin gördüyü işlərdən, keçirilən ictimai müzakirələrdən danışıb.

Elm və təhsil komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planı barədə qeyd edilib ki, sənəddə komitəyə daxil olacaq qanun layihələrinə, həmçinin digər sənədlərə baxılması nəzərdə tutulub. İş planında “Ali təhsil haqqında” qanun layihəsinin də müzakirəsinin nəzərdə tutulduğunu deyən komitə sədri layihə ilə bağlı görülən işlər barədə məlumat verib.

Gündəliyin son məsələsi olan “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri bildirib ki, layihədə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının 2023/2024-cü tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif olunub.

Gündəlikdəki məsələlərin müzakirəsində komitənin sədr müavini Musa Qasımlı, komitə üzvləri İsa Həbibbəyli, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Etibar Əliyev, Anar İsgəndərov, Tamam Cəfərova, Müşfiq Məmmədli çıxış edərək komitənin cari ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər, payız sessiyası üçün iş planı ilə bağlı fikirlərini açıqlayıblar, rəy və təkliflərini səsləndiriblər.

Müzakirəyə çıxarılan qanun layihəsini təqdir edən millət vəkilləri dəyişikliyi cənab Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin, o cümlədən müharibə veteranlarına diqqət və qayğının növbəti təzahürü kimi dəyərləndiriblər.

Müzakirələrin sonunda komitə üzvləri 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işləri qənaətbəxş sayıblar, qarşıdakı payız sessiyası üçün komitənin iş planını təsdiqləyiblər, “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputatlar Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Ülviyyə Ağayeva, Afət Həsənova, Pərvin Kərimzadə, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi