Milli Məclisin deputatları TURKPA-nın komissiya iclasında iştirak edəcək
- 24 may, 2019
- 12:53
Milli Məclisin (MM) Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov və deputat İlham Əliyеv TURKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının 5-ci iclasında iştirak etmək üçün mayın 28-dən 31-nə kimi Qırğızıstanın Biskek şəhərində səfərdə olacaqlar.
MM-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclası komissiyanın sədri, Azərbaycanın TÜRKPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov açacaq.
Gündəlik təsdiq edildikdən sonra “Təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: hüquqi dəstək” mövzusuna dair müzakirələr aparılacaq və bununla bağlı tövsiyə qərarı layihəsi təsdiq ediləcək.
Toplantıda komissiyanın 6-cı iclasının yeri, tarixi və gündəliyi də müzakirə olunacaq.
Komissiya üzvləri TÜRKPA-nın 10 illik yubileyinə həsr olunmuş foto-sərgi ilə tanış olacaqlar.