Milli Məclis “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiq edib.
"Report"un xəbərinə görə, məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilir.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı üzəri 999.9 əyarlı qızıl qatı ilə örtüləcək soyuq ştamplama üçün nəzərdə tutulmuş xüsusi tərkibli əlvan metaldan hazırlanan ümumi diametri 42 mm olan, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduzdan ibarət olacaq.
Medalın ön tərəfində hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduzun üzərində guşələri ağ rəngli mina ilə işlənmiş səkkizguşəli ulduz yerləşdirilib. Ağ minalı səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış, diametri 26 mm olan dairəvi lövhə yerləşdirilib. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “HEYDƏR ƏLİYEV” sözləri, aşağı qövs boyunca “1923-2023” rəqəmləri yazılıb.Daxili çevrənin içərisində, mərkəzdə Heydər Əliyevin barelyefi həkk olunub.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə 34,5 mm x 1,5 mm ölçülü və aşağı hissəsinə 34,5 mm x 7,5 mm ölçülü, üzərində dəfnə yarpaqlarından ibarət çələng həkk olunmuş qızılı rəngli hamar lövhə bərkidilmiş, 31,5 mm x 15 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Layihəyə əsasən, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycanın və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif ediləcəklər:
1. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə;
2. Azərbaycanın dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə;
3. azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;
4. sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə;
5. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;
6. Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə;
7. dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda ordenlərdən sonra taxılacaq.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.