“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür. Ölkəmiz son 18 ildə çox böyük uğurlar əldə edib”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, son 18 ilin ən böyük uğurlarından biri Azərbaycanın sürətli, dinamik iqtisadi inkişafına nail olunması, ölkənin iqtisadi potensialının əvvəlki dövrlərlə müqayisə edilməyəcək səviyyəyə yüksəlməsidir: “Müasir Azərbaycan bu gün regional və beynəlxalq miqyaslı iqtisadi layihələri həyata keçirən ölkədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin, tolerantlığın ünvanı kimi tanınır. Dövlət başçısının milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasət kursu ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıtmış, ona böyük nüfuz qazandırmışdır. İnkişaf etmiş dövlətlərin sırasında layiqli yer tutan Azərbaycan 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu uğur ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun, daim yüksələn statusunun göstəricisi idi".
"BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün bu təşkilatın sədri seçilməsi də regional və beynəlxalq arenada söz sahibi kimi qəbul edilməsinin nəticəsidir. Möhtərəm Prezidentin təşəbbüsü ilə bu il noyabr ayının 28-də Madrid şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun daha bir sübutudur. Bu gün Azərbaycan qlobal mədəniyyətlərarası dialoqun, aparıcı siyasi platformaların reallaşdırıldığı ünvanlardan biridir. Mən beynəlxalq əməkdaşlıq sahəsində dövlət başçısının türk birliyinin daha da güclənməsi naminə yorulmaz və səmərəli fəaliyyətini xüsusi qeyd etmək istərdim. Bu il noyabrın 12-də Azərbaycan Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi bu mühüm xidmətlərin nəticəsi idi", - spiker bildirib.
S.Qafarova həmçinin Milli Məclisin deputatları adından Prezident İlham Əliyevə təbrik məktubu hazırlandığını da vurğulayıb.