Milli Məclisin xüsusi iclası keçirilib, Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanat qəbul olunub - TAM MƏTN - YENİLƏNİB-2

Milli Məclisin xüsusi iclası keçirilib, Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanat qəbul olunub - TAM MƏTN - YENİLƏNİB-2 Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası başlayıb.
Milli Məclis
14 İyun , 2023 17:25
Milli Məclisin xüsusi iclası keçirilib, Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanat qəbul olunub - TAM MƏTN - YENİLƏNİB-2

Azərbaycan Respublikası Milli Məclisinin iyunun 14-də keçirilən xüsusi iclasında xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bəyanat qəbul edilib.

“Report” bəyanatın tam mətnini təqdim edir:

“Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi bu il dövlət səviyyəsində tədbirlər ilə qeyd edilir. Böyük siyasi və dövlət xadiminin Vətən və millət qarşısında misilsiz xidmətləri dərin minnətdarlıq duyğuları ilə xatırlanır.

Bütün həyatını Azərbaycanın inkişafına, qorunmasına və istiqlalına həsr edən, onu zamanın burulğanlarından xətərsiz çıxarmağa nail olan Heydər Əliyev qədim tariximizin ən böyük şəxsiyyətlərinin ön cərgəsində dayanmaq haqqı qazanmışdır. Xalqımızın yaradıcılıq enerjisini, zəkasını, əzmini və iradəsini öz fəaliyyətində təcəssüm etdirən Ulu Öndər təkcə dövləti idarə etməyin deyil, həm də vətəni necə sevmək lazım olduğunun parlaq nümunələrini göstərmişdir.

Ötən əsrin 60-cı illərinin sonlarında və 90-cı illərinin əvvəllərində Heydər Əliyevin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın həyatında çox ağır sınaqlar dövrünə təsadüf etmişdir. Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq həqiqi milli lider olduğunu sübuta yetirmişdir.

1969-cu ildə Heydər Əliyev Azərbaycanın siyasi həyatına gələcəyi görmək və yaratmaq bacarığına malik qüdrətli rəhbər kimi daxil oldu, cəmiyyət tərəfindən prinsipial, qətiyyətli, iradəli və etibarlı bir insan kimi qəbul edildi. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi 13 il ərzində Azərbaycanda dövlət quruculuğunun bütün tarixi ərzində əldə olunmayan sürətli inkişaf yolu keçildi, sənaye və kənd təsərrüfatı nəhəng addımlarla irəliləməyə başladı. Elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, digər yaradıcılıq sahələrinin inkişafına qayğı və diqqət artırıldı. Mühüm sosial dəyişikliklər həyata keçirildi, əhalinin həyat tərzi dəyişdi. Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikaları sırasına çıxdı, cəmiyyətdə yeniləşmə, gələcəyə inam hissi bərqərar oldu.

Milli-mənəvi sərvətlərin qorunmasına və artırılmasına, milli mənlik şüurunun oyanmasına və güclənməsinə yönələn düşünülmüş tədbirlər görüldü. Xalqımızın qədim tarixi təbliğ edilməyə başlandı, 1978-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dilinə dövlət dili statusu verildi.

Heydər Əliyev Azərbaycan SSR-in əsasında inkişaf etmiş yetkin, müstəqil bir dövlətin cizgilərini formalaşdırırdı. Zəngin iqtisadi potensial yaradılması ilə yanaşı, yüksək ixtisaslı milli kadrların, o cümlədən hərbi mütəxəssislərin hazırlanmasına ümdə əhəmiyyət verilirdi.

1982–1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyev Azərbaycan xalqını layiqincə təmsil etmişdir. İttifaqın bir sıra nazirlik və komitələrinin fəaliyyətinə nəzarət edən rəhbər şəxs kimi o, dövlət əhəmiyyətli məsələlərin həllində böyük uğurlar qazanmışdır.

Bununla yanaşı, Ulu Öndər Azərbaycanın inkişafı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayırdı. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün böyük əhəmiyyətə malik bir sıra qərarlar qəbul etmişdi. Azərbaycanda mərkəzdən maliyyələşdirilən bir çox iri layihələr həyata keçirilmişdi.

Heydər Əliyevin Sovet İttifaqının liderlərindən biri olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük maneə idi. 1987-ci ilin oktyabr ayında Ulu Öndərin Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırılması ilə Azərbaycanın faciələrinin əsası qoyuldu.

Heydər Əliyevin məcburi istefasından iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi ilə bağlı məsələ qaldırdılar. Azərbaycana qarşı ərazi iddiaları irəli sürülməsinə və Ermənistan Respublikasında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmasına haqq qazandırmaq üçün 1988-ci ilin fevralında SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Sumqayıt şəhərində irimiqyaslı təxribat törədildi.

1990-cı ilin yanvarında fərsiz rəhbərlərin milli xəyanəti və sovet imperiyasının dəhşətli cinayəti nəticəsində xalqımız günahsız qurbanlar verəndə Heydər Əliyev heç bir təqib və təzyiqdən çəkinməyərək, ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəldi, bəyanat verərək haqq səsimizi dünya ictimaiyyətinə çatdırdı. Ulu Öndər xalqımıza qarşı silah tətbiq edilməsinə qəti etirazını bildirərək, 20 Yanvar cinayətinin mahiyyətini və səbəblərini, bu faciəni törədən qüvvələrin niyyətlərini açıq şəkildə göstərdi.

Bu hadisədən bir neçə ay sonra Heydər Əliyev xalqının yanında olmaq üçün ittifaq və respublika rəhbərliyinin törətdiyi müxtəlif maneələrə baxmayaraq, Bakıya qayıtdı, burada qalmağa imkan verilmədiyinə görə doğulduğu şəhərə – Naxçıvana getdi. Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, muxtar respublikanın Ali Məclisinin sədri seçildi. Naxçıvan əhalisi ilə birlikdə ağır blokada şəraitində yaşayıb işlədi, muxtar respublikanın müdafiəsini möhkəmləndirmək üçün qətiyyətli tədbirlər görərək, Azərbaycanın bu qədim bölgəsini erməni işğalından qoruyub saxladı.

Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Azərbaycanın həqiqi dövlət müstəqilliyinə gedən yolda bayraqdar rolunu öhdəsinə götürdü və bu rolu uğurla yerinə yetirdi. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi qəbul edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı.

1992-ci ilin noyabr ayında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi və Heydər Əliyevin partiyaya sədr seçilməsi Azərbaycanın müasir siyasi sisteminin formalaşması baxımından önəmli bir hadisə oldu. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edildikdən sonra ölkəmiz son dərəcə mürəkkəb problemlərlə qarşılaşıb çox çətin vəziyyətə düşmüşdü. Yeni yaranan dövlət quruluşunun siyasi, sosial və iqtisadi təməlini möhkəmləndirməyə, dəyişən şəraitə uyğun idarəçilik mexanizmləri hazırlamağa qadir siyasi rəhbərliyin olmaması zəruri dövlət quruculuğu vəzifələrini yerinə yetirməyə imkan vermirdi.

1993-cü ilin əvvəllərində hakimiyyət tam iflic vəziyyətinə düşmüşdü. Ovaxtkı iqtidarın səriştəsizliyi və acizliyi üzündən hərc-mərcliyin dövlət həyatının bütün sahələrinə sirayət etməsindən, ölkədə hökm sürən başıpozuqluqdan, hakimiyyət uğrunda didişmədən, əslində, milli ordunun olmamasından istifadə edən təcavüzkar Ermənistan Respublikası bir-birinin ardınca torpaqlarımızı işğal edirdi.

1980-ci illərin sonlarında Ermənistandakı ata-baba torpaqlarından qovulan 250 minə yaxın azərbaycanlının ardınca işğal edilmiş bölgələrdən 700 mindən çox soydaşımız da yerindən-yurdundan didərgin salınmışdı. Sürətlə gedən dağılma prosesinin məntiqi nəticəsi kimi, 1993-cü ilin ortalarında ölkəmiz real vətəndaş müharibəsi təhlükəsi, separatçılıq meyilləri ilə üz-üzə dayanmışdı. Azərbaycan parçalanmaq, bir dövlət kimi məhv olmaq fəlakətinin lap yaxınlığında idi.

Azərbaycan dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır məqamda xalqın təkidli tələbi ilə Heydər Əliyevin ali hakimiyyətə qayıtması Azərbaycan üçün hazırlanmış planları alt-üst etdi. Ulu Öndərin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, xalqımızın mənliyi və ləyaqəti müdafiə olundu.

Azərbaycan Respublikasının həqiqi dövlət müstəqilliyinin tarixi məhz Qurtuluş Günündən başlanır. Çünki Ulu Öndərin dediyi kimi, “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Bu gün tam inamla söyləmək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan dövlətinin varlığına çoxdan son qoyulmuşdu.

Heydər Əliyevin böyük siyasətə qayıdışı yolunda ilk addım 1993-cü il iyunun 15-də onun Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsi olmuşdur. Ümummilli Liderimiz Prezident seçilənədək dörd aya yaxın parlamentə rəhbərlik etmişdir.

Heydər Əliyevin Azərbaycan parlamentinin sədri vəzifəsində fəaliyyəti ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyən etməyə imkan verdi. Milli Məclis mürəkkəb ictimai-siyasi problemləri müzakirə və həll etməyə qadir olan hakimiyyət orqanına çevrildi.

Heydər Əliyev siyasi iradəsi və qətiyyəti, çevik və dərin ağlı, müdrikliyi və yaradıcı düşüncəsi, zəngin təcrübəsi, ona inam bəsləyən xalqından aldığı dəstək sayəsində Azərbaycan dövlətinin qarşısında dayanan taleyüklü problemlərin həllinə nail oldu. Azərbaycan Respublikası XX əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamaq və məhv olmaq təhlükəsindən qurtuldu. Sonralar ölkənin qanunvericilik orqanının xalqın arzu və istəklərini nəzərə alaraq, Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü Milli Qurtuluş Günü kimi dəyərləndirməsi bu həqiqətin daha bir təsdiqi idi.

Ulu Öndərin xilaskarlıq missiyasında ən mühüm addımı ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırması, vətəndaş müharibəsi təhlükəsinin, dövlət çevrilişi və terror cəhdlərinin qarşısını alması oldu.

Müstəqilliyimizin ilk illərində səriştəsiz siyasi və hərbi rəhbərlik xarici hərbi təcavüzü dəf edə bilən silahlı qüvvələrin yaranmasına imkan verməmişdi. Ulu Öndər torpaqlarımızı müdafiə etməyə qadir olan milli ordunun formalaşdırılmasını ən vacib vəzifələrdən biri kimi irəli sürdü. Bu istiqamətdə qəti tədbirlərin həyata keçirilməsi döyüş əməliyyatları zonasında dönüş yaratdı və 1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olundu.

Ölkə daxilində möhkəm ictimai-siyasi sabitlik yaradıldı. Azərbaycan dövlətinin yeni neft strategiyası müəyyən edildi. Xarici neft şirkətləri ilə çoxsaylı sazişlər imzalandı. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin çəkilişinə başlandı. Xarici tərəfdaşların yatırdığı milyardlarla dollar məbləğində investisiya Azərbaycan iqtisadiyyatının inkişafına əlavə təkan verdi. Təbii sərvətlərdən götürülən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin etmək məqsədi ilə beynəlxalq səviyyəli maliyyə qurumu olan Dövlət Neft Fondu yaradıldı.

Neft sənayesinin dirçəlməsi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdı. Bazar iqtisadiyyatı prinsipləri tətbiq olundu, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparıldı. Həyatın bütün sahələrində tənəzzülə son qoyuldu, ölkəmiz dinamik inkişaf yoluna çıxdı.

Dövlətimizin elmi təhlilə əsaslanan, müasir dünyanın reallıqları üzərində qurulan hərtərəfli və dolğun xarici siyasət konsepsiyası formalaşdırıldı və ardıcıl həyata keçirilməyə başlandı. Ölkəmizin dünyaya inteqrasiyası reallığa çevrildi. Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü oldu. Dünyanın əksər dövlətləri ilə dostluq münasibətləri yaradıldı.

Yeni Konstitusiyanın hazırlanıb ümumxalq səsverməsi yolu ilə qəbul olunması ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına yol açdı, qanunun aliliyi təmin olundu, demokratik seçki mexanizmi bərqərar edildi, yeni siyasi partiyalar fəaliyyətə başladı.

Ölkədə əsaslı siyasi, hüquqi və sosial islahatlar həyata keçirildi. Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi və bir sıra digər tədbirlər dövlətimizin beynəlxalq nüfuzunu daha da artırdı.

Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənə halını aldı.

Bu möhtəşəm işlərin gerçəkləşdirilməsində Milli Məclis həmişə Ümummilli Liderimizin yanında olmuş, onun uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləmişdir.

Ulu Öndər parlamentə daim böyük diqqət və qayğı göstərmişdir. 1995-ci il noyabrın 24-də Heydər Əliyev birinci çağırış Milli Məclisin ilk iclasında iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını vermişdir. Sonrakı dövrdə də Ulu Öndər parlamentin bir sıra iclaslarında iştirak və çıxış etmişdir.

Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilən çoxsaylı qanunvericilik aktları dövlətimizin müasir beynəlxalq standartlara uyğun möhkəm hüquqi bazasının formalaşmasını təmin etmişdir.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi otuz beş ilə yaxın dövr ərzində böyük bir siyasi məktəb yaratmış, xalqa xidmət etməyin yollarını silahdaşlarına və siyasi davamçılarına aşılamışdır. Bu baxımdan Heydər Əliyevin amalları təkcə dünənə və bu günə deyil, həm də gələcəyə ünvanlanmışdır.

Ümummilli Liderimizin müəyyənləşdirdiyi inkişaf strategiyasını zamanın çağırışlarına və tələbatına uyğun şəkildə davam etdirmək naminə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı geniş bir bölgədə söz sahibi olan güclü dövlətə çevirmişdir. Getdikcə daha da artan imkanlarımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng layihələr qlobal iqtisadiyyatda mühüm rol oynayır.

Azərbaycanda bərqərar olmuş etibarlı siyasi rəhbərlik amili cəmiyyət və dövlət həyatının bütün sahələrində böyük nailiyyətlərin təməlini təşkil edir. Ulu Öndərin ən böyük arzusu həyata keçirilmiş, 44 günlük Vətən müharibəsində qələbə sayəsində əzəli və tarixi torpaqlarımız erməni işğalından qurtarılmış, dövlətimizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunmuşdur. Azərbaycan Bayrağını azad Qarabağda və Şərqi Zəngəzurda dalğalandıran xalqımız işğalçılar tərəfindən viran qoyulmuş yaşayış məntəqələrimizi bərpa edib gülüstana çevirərək, qurucu xalq olduğunu da dünyaya nümayiş etdirir.

Heydər Əliyevin ölməz ideyaları Azərbaycanın qüdrətinin təməlində dayanan əsas amillərdən biridir. Ümummilli Liderimizin müəyyən etdiyi yol Azərbaycanı xoşbəxt gələcəyə, xalqımızı firavanlığa və səadətə aparır. Nə qədər ki Azərbaycan var, Heydər Əliyev yaşayacaq, Ulu Öndərin ideyaları dövlətimizə və xalqımıza yeni-yeni qələbələr qazandıracaqdır”.

13:50

Milli Məclisdə Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda deputatlar Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsizt xidmətləri haqqında geniş çıxışlar ediblər.

İclasın sonunda Milli Məclisin Heydər Əliyevin 100 illiyinə həsr edilmiş bəyanatı qəbul edilib.

Bəyanatı deputat Səbinə Xasayeva oxuyub.

10:01

Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası başlayıb.

“Report” xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə baş tutan iclasın gündəliyinə bir məsələ daxil edilib.

Belə ki, xüsusi iclas Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Sədrin çıxışından sonra iclasın davamında “Heydər Əliyev - zamanın fövqündə” adlı sənədli film nümayiş olunub.

İdeya müəllifi spiker Sahibə Qafarovanın olduğu ekran işi parlamentin arxiv materialları əsasında MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanıb.

Filmdə əsasən Heydər Əliyev və Azərbaycan parlamenti münasibətlərindən bəhs olunub.

Həmçinin foyedə Ulu Öndərin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyi münasibəti ilə nəşr olunan “Heydər Əliyev və Azərbaycan parlamenti” adlı üç cilddən ibarət kitabın da təqdimatı olub.

Kitabın məsul redaktoru Milli Məclisin sədri Sahibə Qafarovadır. Kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları nəşr olunub.

Son xəbərlər

Orphus sistemi