Avropa Liqası: Milli Məclisin deputatları hansı kluba azarkeşlik edəcək? - SORĞU

Avropa Liqası: Milli Məclisin deputatları hansı kluba azarkeşlik edəcək? - SORĞU Bakı Olimpiya Stadionunda saat 23:00-da UEFA Avropa Liqasının final oyunu keçiriləcək.
Milli Məclis
29 May , 2019 17:45
Avropa Liqası: Milli Məclisin deputatları hansı kluba azarkeşlik edəcək? - SORĞU

Bakı Olimpiya Stadionunda saat 23:00-da UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

“Report” xəbər verir ki, oyun Azərbaycan da daxil olmaqla, dünyanın 204 ölkəsində canlı yayımlanacaq.

İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında baş tutacaq matç Avropanın 48 ölkəsində nümayiş olunacaq. Avropadan kənarda isə 156 ölkənin vətəndaşları qarşılaşmaya canlı baxacaqlar.

Milli Məclisin deputatları da oyunu izləyəcəklər. Onların bəziləri matça stadiondan, bəziləri isə televiziya ekranlarından baxacaqlar.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Report”a deyib ki, oyunu stadiondan izləyəcək: “Bilet almışam. Mən “Çelsi” komandasına azarkeşlik edirəm, düşünürəm, qalib gələcək”.

Milli Məclisin deputatı Cavid Osmanov suala cavab olaraq bildirib ki, oyunu Bakı Olimpiya Stadionundan izləyəcək: “Hesab 3:1 “Çelsi”nin xeyrinə olacaq. “Arsenal”ın şousundan sonra “Çelsi”yə azarkeşlik edirəm. Doğrusu, ümumilikdə, azarkeşi deyiləm”.

Deputat Sədaqət Vəliyeva “Report”a açıqlamasında final oyununu televiziyadan izləyəcəyini bildirib: “Prinsipial olaraq azarkeşlik etdiyim komanda yoxdur, amma maraqlı oyunun keçəcəyinə əminəm. Arzu edirəm ki, ən güclü komanda qalib gəlsin. Əsas odur ki, oyun yüksək səviyyədə, qarşıdurma olmadan keçsin. Hansı komandanın qalib gəlməsi göstərəcəkləri oyun texnikasından asılı olacaq”.

Deputat Nəsib Məhəməliyev final oyununu stadiondan izləyə bilməyəcəyini bildirib: “ABŞ Konqresindən olan nümayəndələrlə görüş var. Ona görə stadiondan izləmək imkanım olmayacaq, televiziyadan izləyəcəyəm. “Çelsi” komandasına azarkeşlik edirəm. Təbii ki, bu, məlum səbəblərə görədir. “Arsenal”ın oyunçularının mövqelərini anlamadım... Yaramaz erməniyə görə şou yaratdılar. Onlar ermənilərin məkrli siyasətinin alətinə çevrildilər. İnanıram ki, “Çelsi” komandası qalib gələcək”.

Parlamentin üzvü, AFFA İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev oyunu stadiondan izləyəcəyini qeyd edib: “Mən həm azarkeşəm, həm də AFFA-nın vitse-prezidentiyəm. Ona görə də stadionda olacam. “Çelsi” komandasına azarkeşlik edirəm. Ona görə yox ki, “Arsenal” komandasını sevmirəm. Ona görə ki, “Arsenal” özünü elə apardı ki... Düşünürəm ki, “Çelsi” qalib gələcək”.

Milli Məclisin deputatı Kamilə Əliyeva deyib ki, bilet alıb. O, oyunu ailəsi ilə birlikdə stadiondan izləyəcək: “İdmana, xüsusilə də futbola böyük marağım var. Düzdür, “Arsenal”a və ya “Çelsi”yə azarkeşlik etmirəm, amma maraqlı oyun olacağına əminəm. Çünki bu, tarixi hadisədir. Ona görə bu oyunu mütləq izləmək lazımdır. Bu oyunda güclü qalib gələcək”.

Deputat Şahin İsmayılov bildirib ki, “Arsenal” qalib gələcək: “Oyunu stadiondan izləyəcəyəm. Düşünürəm ki, oyun 3:1 hesabı ilə “Arsenal”ın xeyrinə bitəcək”.

Parlamentin üzvü Eldəniz Səlimov UEFA Avropa Liqasının final oyununda oynayacaq klubların azarkeşi olmadığını bildirib: “Oyunu televiziyadan izləyəcəyəm. Maraqlı oyun olacağını düşünürəm. Hesab edirəm ki, “Çelsi” qalib gələcək”.

Deputat Şəmsəddin Hacıyev “Arsenal”a azarkeşlik edir: “Stadiondan izləmək imkanım olmayacaq. Hesab edirəm ki, oyun 3:1 hesabı ilə “Arsenal”ın xeyrinə yekunlaşacaq”.

Son xəbərlər

Orphus sistemi