Fərid Famil oğlu Hacıyev Milli Məclisin Aparat rəhbəri təyin edilib.
"Report"un xəbərinə görə, o, artıq kollektivə təqdim olunub.
F.Hacıyev bundan əvvəl Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.
Qeyd edək ki, F.Hacıyev 1989-cu ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini 23 saylı orta məktəbdə alıb, yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.
Fərid Hacıyev çox gənc yaşlarında - Universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışıb. O, 2012-ci ildən Milli Məclisdə fəaliyyət göstərməyə başlayıb və ötən dövrdə Milli Məclis Aparatında müxtəlif vəzifələrdə çalışıb. Bu vəzifəyə təyin olunana qədər isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.
O, Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunub, beynəlxalq təlimlərdə iştirak edibvə müvafiq sertifikat alıb. TürkPA ilə əməkdaşlıq çərçivəsində bir neçə model qanunun müəllifidir. Avropa Parlamentinin təşkil etdiyi müxtəlif layihələrdə və tədbirlərdə Milli Məclis Aparatını təmsil edib və parlamentin fəaliyyəti və büdcə nəzarəti mövzularında məruzələrlə çıxış edib. O, Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən həyata keçirilən "Şərq Tərəfdaşlığında müasir və güclü parlament administrasiyası" layihəsində Parlament Aparatını təmsil edir.
Fərid Hacıyev Azərbaycan, ingilis və rus dillərini bilir.
Ailəlidir, iki övladı var.
Xatırladaq ki, Milli Məclisin sabiq Aparat rəhbəri Səfa Mirzəyev bir neçə gün öncə təqaüdə göndərilib.