“Milli Məclisdə təmsil olunandan bəri dövlət büdcəsindən Vətəndaş Birliyi Partiyasına ayrılan vəsaitdən imtina etmişik”.
Bunu “Report”a açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev deyib.
O bildirib ki, rəhbərlik etdiyi partiya dövlət büdcəsindən ayrılan vəsaitidən təkcə bu il imtina etməyib:
“Biz parlamentdə təmsil olunandan bu yana həmin vəsaitdən imtina etmişik. Bunun da əsas səbəbi odur ki, həmin vəsait daha ehtiyaclı yerlərə sərf olunsun”.
Xatırladaq ki, S.Hacıyev Vətəndaş Birliyi Partiyasının sədri kimi 2005-di ildən Milli Məclisin deputatıdır.
Qeyd edək ki, Maliyyə Nazirliyinin məlumatına görə, siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub. lİn birinci rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib.