“Gürcüstanda sahə inspektorları 400-500 dollar, patrul xidmətinin əməkdaşları isə 1000 dollar civarında əməkhaqqı alırlar”.
“Report”un xəbərinə görə, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc noyabrın 11-də Milli Məclisin 4 komitə və 1 komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
“Ona görə də hesab edirəm ki, ölkəmizdə polis əməkdaşlarının maaşlarına yenidən baxılmalıdır. Gürcüstanla müqayisədə bizdə polis əməkdaşlarının maaşı çox aşağıdır”, - komitə sədri vurğulayıb.
O bildirib ki, gələn ilin büdcəsində Xankəndi və Xocalı ilə bağlı məsələlər də əksini tapmalıdır.
Z.Oruc həmçinin qeyd edib ki, ölkə vətəndaşları gələn ilin dövlət büdcəsinin təqdimatından sonra enerji və kommunal tariflərin, manatın kursunun dəyişməyəcəyi baxımından zəmanət verilməsini gözləyirlər.