Milli Məclis enerji resurslarından səmərəli istifadə ilə bağlı layihəni təsdiqləyib

Milli Məclis enerji resurslarından səmərəli istifadə ilə bağlı layihəni təsdiqləyib Milli Məclisin bu gün keçirilən plenar iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
154
9 İyul , 2021 11:34
Milli Məclis enerji resurslarından səmərəli istifadə ilə bağlı layihəni təsdiqləyib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, sənəd barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.

O bildirib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub.

Qanun layihəsi 8 fəsil, 23 maddədən ibarətdir. Sənəddə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri göstərilib, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb. Layihədə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə, beynəlxalq əməkdaşlıq, dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müddəalar ehtiva olunub.

Sənəddə qeyd edilib ki, enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz edəcək.

Həmçinin enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edəcəklər.

Ağıllı sayğac - istehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazıdır.

Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi