Milli Məclis “Energetika haqqında” qanun layihəsini III oxunuşda təsdiqləyib.
“Report” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında layihə müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, layihənin məqsədi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarının, habelə enerji təhlükəsizliyinin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, davamlı iqtisadi inkişafın dəstəklənməsi, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsi mexanizmlərinin müəyyən edilməsindən ibarətdir.
Bildirilib ki, qanun layihəsi hazırlanarkən Azərbaycanda bazar iqtisadiyyatının mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri, beynəlxalq təcrübə, o cümlədən Avropa ölkələrinin qanunvericiliyi araşdırılıb və nəzərə alınıb.
Qanun layihəsinə əsasən, Azərbaycanda energetika sahəsinin dayanıqlı inkişafı üzrə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qısamüddətli (5 ilə qədər müddətə), ortamüddətli (5-10 il müddətinə) və uzunmüddətli (10 ildən çox müddətə) dövlət proqramları qəbul edəcək.
Həmçinin, Azərbaycanda energetika sahəsində dövlət siyasətinin 6 əsas prinsipi də müəyyənləşib. Bura energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması, energetika sahəsində ayrı-seçkiliyin yolverilməzliyi, energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı, bu qanunla müəyyən edilmiş hallarda energetika sahəsində fəaliyyət növlərinin ayrılması, enerji istehlakçılarının hüquqlarının müdafiəsi, eləcə də energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi daxildir.
Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.