Yuxarı

Milli Məclisin deputatı: "Bakı Brüssel, Paris və Londondan kifayət qədər sakit şəhərdir"

Millət vəkili: Bakı Brüssel, Paris və Londondan kifayət qədər sakitdir
© Report — Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Tahir Mirkişili

Milli Məclisin deputatı Tahir Mirkişili İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasındakı Avropa Liqasının final matçının Bakıda keçirilməsi əleyhinə son günlər Britaniya mətbuatında yazılanları şərh edib. 

T.Mirkişili "Report"a açıqlamasında belə kampaniyanın ilk dəfə aparılmadığını vurğulayıb. O, misal olaraq xatırladıb ki, əvvəllər "Bakı 2015" I Avropa Oyunları, "Formula 1" üzrə Azərbaycan Qran-prisi, gimnastika, şahmat, güləş, boks üzrə mötəbər yarışlar zamanı da bu cür qarayaxmalar olub. Amma deputat Bakıdakı bütün nüfuzlu yarışların yüksək səviyyədə təşkil olunduğunu bildirib. 

Millət vəkilinin sözlərinə görə, budəfəki kampaniyanı təhlil etdikdə cavabları olan suallardan tutmuş absurd iddialara qədər müxtəlif yanaşmalar - Bakı uzaqdır, səyahət etmək çətindir, viza almaq mürəkkəbdir, gecələmə bahadır, şəhərdə gəzmək təhlükəlidir, terror aktları təhlükəsi var və Henrix Mxitaryan problemini görmək mümkündür. 

Deputat bildirib ki, iki il öncə UEFA İcraiyyə Komitəsi Bakını Avropa Liqasının finalının keçiriləcəyi şəhər kimi seçərkən heç kim həlledici qarşılaşmada hər iki komandanın İngiltərə təmsilçisi olacağını bilməyib: "Bakı Londondan 4000 km və 5 saatlıq uçuş məsafəsində yerləşir. Gündə 1 reys var və ya İstanbul, Moskva və digər şəhərlərdən əlaqəli reyslərlərlə uçmaq lazımdır. İngiltərəli futbolsevərlərin bu qayğısını anlamaq olar. Amma çətinliyin dəf olunması üçün AZAL 40-dan çox çarter reysi planlaşdırır. Eyni zamanda digər aviasiya şirkətləri ilə danışıqlar aparılır". 

Vizaların alınması ilə bağlı iddiaları da əsassız sayan T.Mirkişili "ASAN elektron viza sistemi ilə istənilən xarici şəxs 3 saat ərzində viza ala bilər" deyib. Onun fikrincə, final görüşləri zamanı otel qiymətlərinin qalxması bütün şəhərlərdə müşahidə olunur: "Bakıda artıq kifayət qədər otel tikilib ki, bunun da tənzimlənməsi üçün imkanlar mövcuddur. Azərbaycan və Bakı şəhəri ictimai təhlükəsizliyin dünyada ən yaxşı təmin olunduğu şəhərdir. Hər il Azərbaycan gələn turistlərin sayında artımın, ölkədə bütün din və irqlərə qarşı dözümlülüyün olması bunu deməyə imkan verir". 

Millət vəkilinin sözlərinə görə, terror təhlükəsinin olması barədə iddialar da absurddur: "Bakıda son terror hadisəsi 1994-cü ildə olub. Bu cəhətdən, Bakı Brüssel, Paris və Londondan kifayət qədər sakit şəhərdir. London küçələrində bıçaqlama, avtomobillə törədilən terror hadisələri artıq adi hal alıb". 

"Arsenal"ın futbolçusu Henrix Mxitaryanla bağlı məsələyə gəldikdə, deputat vurğulayıb ki, bu problem təkcə onun erməni milliyəti ilə bağlı deyil: "Ermənilər dəfələrlə Bakıda olublar, hətta mükafatlara da sahib çıxıblar. Heç bir təhlükəsizlik problemi də yaşanmayıb. Amma Mxitaryan Dağlıq Qarabağa 3 dəfə qanunsuz səfər edib, separatçıların “başçısı” ilə görüşüb, yəni, siyasi fəaliyyətlə məşğul olub. Amma bunlara rəğmən, Azərbaycan hakimiyyəti bütün iştirakçılar kimi, onun da təhlükəsizliyinə təminat verib".

Sonda T.Mirkişili həm "Arsenal", həm də "Çelsi"nin artıq bir dəfə Bakıda oyun keçirdiklərini və ingiltərəli futbolsevərlərin də Azərbaycan paytaxtında olduqlarını xatırladıb. Digər tərəfdən, onun sözlərinə görə, final oyunları yalnız ingilislər üçün deyil, bütün Avropa futbolsevərlənin izləməsi üçün təşkil olunur. 

Deputatın fikrincə, bu cür qarayaxma kampaniyaları Azərbaycanın inkişafını istəməyən bəzi qüvvələrin uğursuz cəhdləridir. O, əmin olduğunu bildirib ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalı digər beynəlxalq yarışlarda olduğu kimi maraqlı, təhlükəsiz və yaddaqalan alınacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi