MDB PA-nın videokonfrans formatında komissiya iclasları keçirilib.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvləri – Milli Məclisin komitə sədri Arzu Nağıyev Təhlükəsizlik və yeni çağırışlarla və təhdidlərlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyanın, Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın, deputat Nizami Səfərov Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyanın iclaslarında iştirak ediblər.
İclaslarda MDB PA çərçivəsində qanunvericilik tənzimləmələri üzrə əməkdaşlıq imkanları, gündəlikdə olan model qanun layihələri, model qanunlara dəyişikliklər, digər qanunvericilik tənzimləmələrinə dair tövsiyə layihələri kimi məsələlər müzakirə olunub.
Onlayn iclaslarda həmçinin təşkilati məsələlərə baxılıb, daimi komissiyaların sədrləri və sədr müavinləri seçilib, hər üç komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.
Milli Məclisin üzvləri - Nizami Səfərov Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyanın sədri, Arzu Nağıyev MDB PA-nın Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın sədr müavini seçiliblər.