Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin Azərbaycanda parlament seçkiləri zamanı seçki məntəqələrində səsvermə prosesinin təşkilini xüsusi qeyd edib.
"Report" xəbər verir ki, bu barədə A.Yatskin seçki məntəqəsində səsvermənin gedişini müşahidə edərkən məlumat verib.
“Mən seçki məntəqələrində təşkilatçılığı qeyd etmək istəyirəm. Seçki məntəqəsinin bütün aspektləri yüksək səviyyədə hazırlanıb. Bu, həm əyani materiallardan, həm də siyasi təşkilatların müşahidəçiləri ilə ünsiyyət zamanı aydın görünür”, - o bildirib.
A.Yatskin açılışını müşahidə etdiyi məntəqədə bütün lazımi şəraitin təşkil olunduğunu bildirib: “Hesab edirəm ki, seçkilər Azərbaycan xalqının öz seçimini etməklə bağlı ümumi əhvali-ruhiyyəsini göstərir”.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir. Seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.