Torpağa atılan tullantılar idarə olunmalıdır.
“Report” xəbr verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, əks təqdirdə bu, gələcək üçün böyük təhlükəyə çevirilə bilər.
Ə.Əmiraslanov bildirib ki, əhalinin qəbul etdiyi qidaların tam əksəriyyəti torpaqla bağlıdır: “Lakin bu gün sənaye, tibbi və digər tullantıların torpağa atılması səbəbindən torpaq xeyli çirklənib. Qlobal istilişmə bizi çox narahat edir, çünki bu, insan orqanimzinə mənfi təsir edir. Bir çox xəstəliklər ultrabənövşəyi şüaların insan orqanizminə təsiri nəticəsində meydana çıxır”.
Komitə sədri söyləyib ki, yolxucu xəstəliklərin yayılmasında su faktorunun, xüsusilə içməli suyun böyük əhəmiyyəti var: “Azərbaycanda içməli suyun böyük hissəsi kənardan gəlir. Bizim içməli suyun 25 faizi ölkə daxilində formalaşır, 75 faizi isə kənardan gəlir. Azərbaycan içməli suyun təmizliyi məsələsinə böyük diqqət yetirir”.