"Beynəlxalq hüquq sistemində hüquq işləmir. Bu gün BMT Təhlükəsizlik Şurası həmin qurumun daimi üzləri üçün yalnız məşğuliyyət, qalan dövlətlər üçün isə məhdudiyyətdir".
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun layihəsinin müzakirəsində deyib.
"Biz 30 il ərzində beynəlxalq hüququn gücünə inandıq, amma işləmədiyini gördük. Ona görə də gücün hüququnu seçib haqlarımızı bərpa etdik. Baxmayaraq ki, terrorizmə qarşı bir sıra konvensiyalara qoşulmuşuq. Beynəlxalq hüquqa hörmətlə yanaşsaq da, həmin təşkilatları idarə edən iri dövlətlər tələblərə əməl etsinlər. Əks halda, dünyada xaos olacaq. Ona görə də işimizi güclü qurmalıyıq”, - o qeyd edib.