“Hazırda “Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması istiqamətində iş gedir. Qanun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupun bir neçə dəfə iclası keçirilib və qanun layihəsi üzərində işlər hələ tamamlanmayıb”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, İşçi Qrup qanun layihəsi üzərindəki işini tam yekunlaşdırdıqdan sonra sənəd ictimaiyyətin müzakirəsinə çıxarılacaq:
“Çox təəssüflər olsun ki, sənəd üzərində işlər yekunlaşmadığı bir halda mətbuatda bununla bağlı yazılar dərc edilir. Sənəd müzakirəyə təqdim edilən zaman həmin məlumatları yazanlar görəcəklər ki, qanun layihəsində əksini tapan məsələlər heç də onların yazdığı kimi deyil. Hesab edirəm ki, belə olduğu halda məlumatların yayılması yolverilməzdir və ictimaiyyətdə çaşqınlıq yarada bilər”.