“Başa çatmaqda olan 2020-ci il bir sıra problemlərlə yadda qalıb. Lakin Azərbaycan xalqı və dövləti dünyada yeganə xalq və dövlət olacaq ki, bu ili Qələbə ili kimi qeyd edəcək. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdi. Xalq-iqtidar, xalq-prezident birliyi və sevgisi bu qələbənin qazanılmasına imkan yaradıb. Bu qələbənin əldə olunmasında, təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurların, güclü iqtisadiyyatın rolu böyükdür”.
“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, 2020-ci ilin sonunadək ölkə iqtisadiyyatının 4,9 faiz azalacağı əvvəlcədən proqnozlaşdırılmışdı: “Ötən ilin büdcəsinin dürüstləşdirilməsi zamanı neftin qiyməti 35 dollar götürülmüşdü, hazırda isə 41 dollar təşkil edir. 2021-ci ildə isə neftin qiymətinin 15 faiz artacağı proqnozlaşdırlır və bu, dövlət büdcəsində neftin qiymətinin 40 dollar götürülməsini məqbul edir. 2020-ci ildə azalmalarla yanaşı, müsbət irəliləyişlər də var. Bu, kənd təsərrüfatı, rabitə və digər sahələrilə bağlıdır. 2020-ci ilin dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı 58 faiz, qeyri-neft sektorunun payı isə 42 faiz olub”.
Komitə sədri bildirib ki, 10 il əvvəl büdcədə qeyri-neft sektorunun payı cəmi 26 faiz olub: “İndi bu rəqəm 46 faizə qədər artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatında baş verən islahatların nəticəsidir”.