Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa İstedadlıları Himayə Fondunun yaradılmasını təklif edib.
“Report”un məlumatına görə, o, parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı ölkədə bu gün elm və yaradıcı mühitin zəif olduğunu bildirib:
“Necə etməliyik ki, bu mühiti canlandıraq?! Azərbaycanda yazıçı, şair, tərcüməçi və s. kimi istedadlı insanların himayə fondu mütləq olmalıdır. İstedadlı şəxslər kənarda qalmamalıdır. Hər hansı komissiya, yaxud qrup tərəfindən onların müəyyən olunması olduqca vacibdir. Həmçinin mühitin yaranması üçün əlçatanlıq önəmlidir”
F.Mustafa deyib ki, hamı imtiyaz və təltif istəyir: “Amma Azərbaycan üçün vacib olan bu ölkənin imicini, adını və dəyərini qaldırmaqdır. Ona görə də yaradıcı istiqamətə vəsaitin ayrılması olduqca vacibdir. Tarixi abidələrin qorunması əhəmiyyətlidir, amma ən başlıcası yaradıcı insanın qorunmasıdır”.