İşsizlikdən sığorta fondunun gələnilki büdcəsi təsdiqlənib

İşsizlikdən sığorta fondunun gələnilki büdcəsi təsdiqlənib Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
Milli Məclis
5 Dekabr , 2023 11:24
İşsizlikdən sığorta fondunun gələnilki büdcəsi təsdiqlənib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

"Report"un xəbərinə görə, layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

2024-cü ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 20,3 milyon manat, yaxud 9,3% çoxdur.

İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 179,98 milyon manatı, yaxud 75,6%-i işsizlikdən sığorta haqları üzrə yığımın, 57,95 milyon manatı, yaxud 24,4%-i isə cari ilin sonuna qədər istifadə olunmamış vəsait hesabına formalaşacaq. Sığorta haqları üzrə yığımın 74,8%-i qeyri-büdcə sektorunun payına düşəcək.

Növbəti ildə Fondun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 30,7%-i özünüməşğulluq tədbirlərinin, 23,1%-i məşğulluq xidməti orqanının saxlanmasının, 18,9%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 14,7%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək.

Cari il ilə müqayisədə 2024-cü ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin 4 milyon manat, yaxud 26,6 %, peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin 13 milyon manat, yaxud 37%, sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin ödənilməsi xərclərinin 2 milyon manat, yaxud 50% artırılması, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 14,5 milyon manat, yaxud 16,6% azaldılması nəzərdə tutulur.

2024-cü ildə də özünüməşğulluq layihəsi davam etdiriləcək və bu proqram çərçivəsində 10.000 nəfərin İşsizlikdən Sığorta Fondunun xərcləri hesabına, daha 6.000 nəfərin isə Dünya Bankının layihəsi ilə özünüməşğulluq təlimlərinə cəlb olunması nəzərdə tutulur. Beləliklə özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı 80.000 nəfərə çatacaq.

Son xəbərlər

Orphus sistemi