İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı MM-in plenar iclasına tövsiyə edilib
- 29 aprel, 2022
- 09:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə edilib.
“Report”un xəbərinə görə, iclasda insan alveri ilə mübarizə sahəsində qanunvericilik tədbirləri, profilaktika və maarifləndirmə işləri, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş barədə ətraflı məlumat deputatların diqqətinə çatdırılıb.
Bundan əlavə, insan alveri ilə mübarizənin nəticələrinə dair statistik göstəricilər barədə məlumatlar təqdim olunub.
Bildirilib ki, 2021-ci ildə 95 nəfər insan alveri qurbanı müəyyən edilib. Onlardan 5-i 18-25, 59-u 25-35, 31- i isə 35 yaşdan yuxarıdır. Bu qurbanlardan 92,8 faizi qadın, 7,2 faizi isə kişidir. 2021-ci ildə 13 nəfər insan alveri cinayətlərinə görə məsuliyyətə cəlb edilib.
Qeyd olunub ki, ötən il uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb. Qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Müzakirələrdən sonra isə sənəd parlamentin plenar iclasına tövsiyə edilib.
11:00
Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.
“Report”un xəbərinə görə, iclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı müzakirə olunur.
Toplantıda Daxili İşlər Nazirliyinin nümayəndələri, komitə üzvləri iştirak edirlər.
Qeyd edək ki, məlumatı Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edəcək.