Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda növbəti iclası keçirilib, İnam Kərimov hakimliyə namizədliyini dəstəklədikləri üçün deputatlara təşəkkürünü bildirib.
"Report"un məlumatına görə, onlayn iclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə İnam İmdad oğlu Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələ daxil edilib.
Əli Hüseynli İnam Kərimovun yüksək hüquqi təhsilə Azərbaycanın və Avropanın aparıcı universitetlərində yiyələnməsi barədə məlumat verib, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən danışıb.
Birinci vitse-spiker qeyd edib ki, İnam Kərimov Azərbaycanda dövlət xidmətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması sahəsində ciddi dönüş yaradan və dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in ilk rəhbəri olub. O, 2018-ci ildən nazir vəzifəsində çalışmaqla, həmçinin publik hüquqi və inzibati hüquqi vəzifələri icra etmişdir.
Ə.Hüseynli İnam Kərimovun bundan sonra da bir hüquqşünas alim kimi bilik və bacarığını digər hakimiyyət qolunda – Ali Məhkəmədə fəaliyyəti dövründə tətbiq edəcəyinə və Azərbaycanda ədalət mühakiməsinin effektiv və şəffaf həyata keçirilməsinə öz töhfəsini verəcəyinə inamını bildirib.
Məsələ ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Bəhruz Məhərrəmov, Azay Quliyev, Nurlan Həsənov, Nizami Səfərov, Erkin Qədirli, Elşən Musayev, Kamal Cəfərov çıxış ediblər. Millət vəkilləri İnam Kərimovun məsul dövlət postlarında çalışarkən öz vəzifəsinə məsuliyyətlə yanaşdığını, icra etdiyi vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd ediblər.
Deputatlar İnam Kərimovun hüquq ictimaiyyətində peşəkar hüquqşünas və alim kimi nüfuz qazandığını vurğulayıblar, onun Ali Məhkəmənin hakimi kimi öz təcrübəsindən, peşəkarlığından və elmi-nəzəri biliklərindən istifadə edərək məhkəmə sisteminə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.
Sonra İnam İmdad oğlu Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda iştirak edən İnam Kərimov hakimliyə namizədliyini dəstəklədikləri üçün deputatlara öz təşəkkürünü bildirib.
Onlayn iclasda deputatlar Əminə Ağazadə, Sabir Hacıyev, Cəbi Quliyev, Vüqar İskəndərov və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, İ.Kərimov hazırda kənd təsərrüfatı naziridir.