“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi MM-də müzakirə edilib

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi MM-də müzakirə edilib Bu gün Milli Məclisin (MM) Səhiyyə Komitəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
23 Oktyabr , 2019 15:46
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi MM-də müzakirə edilib

Bu gün Milli Məclisin (MM) Səhiyyə Komitəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

MM-dən "Report"a verilən məlumata görə, komitənin sədri Əhliman Əmiraslanov bildirib ki, bu qanunun qəbul edilməsi çox aktual məsələlərdən biridir.

Qanun layihəsinin hazırlanması üçün parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi ilə işçi qrup yaradılıb, qanun layihəsinin hazırlanmış ilkin variantına dair dinləmələr keçirilib. Qanun layihəsinin indiki variantında müzakirələr zamanı səsləndirilmiş bir çox təkliflər nəzərə alınıb. Bu qanun ölkədə insan orqanlarının və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir.

Qanun layihəsinin birinci oxunuşu barədə məlumat verən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, transplantasiya tibbdə yeni sahə olsa da, çox sürətlə inkişaf edir. Xüsusilə son 50-60 ildə orqan transplantasiyası daha da aktuallaşıb. Təcrübə göstərir ki, insanlar transplantasiya olunmuş orqanlarla uzun illər yaşa bilirlər.

Qeyd olunub ki, qanun layihəsi 5 fəsil, 36 maddədən ibarətdir. Layihədə insan orqanlarının donorluğu və onların transplantasiyasının təşkili və əlaqələndirilməsi, transplantasiya məqsədilə canlı donordan və meyitdən orqanların götürülməsi məsələləri öz əksini tapıb.

Müzakirələr zamanı çıxış edən komitə üzvləri İlham Məmmədov, Qənirə Paşayeva, Rafiq Məmmədhəsənov, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Səhiyyə Nazirliyinin və müvafiq qurumların mütəxəssisləri qanun layihəsini yüksək qiymətləndirdilər, layihə barədə qeyd və təkliflərini bildiriblər.

İclasda Səhiyyə komitəsinin sədr müavini, İşçi qrupunun rəhbəri Musa Quliyev səsləndirilən təkliflərə münasibət bildirib.

Müzakirələrdən sonra “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Son xəbərlər

Orphus sistemi