Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə aid edilən döyüş təyinatlı hərbi texnika və hərbi silahla bağlı lisenziya verilməsinə görə yeni dövlət rüsumu müəyyənləşir.
"Report"un xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.
Digər dəyişikliklə isə döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.
Müzakirələrdən sonra dəyişiklik layihələri səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.