Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşir.
"Report"un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Mülki Məcəlləyə dəyişiklik layihəsinə əksini tapıb.
Dəyişikliyə əsasən məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan edə bilər.
Qanunun hazırkı variantında isə qeyd edilib ki, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı 2 il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.