Azərbaycanda gizir və miçman vəzifələrində beş il və daha çox xidmət edənlərə kiçik leytenant hərbi rütbəsinin verilməsinə dair layihə ilk oxunuşdan keçib.
"Report"un xəbərinə görə, bununla bağlı Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Prezident tərəfindən təqdim olunan qanun layihəsi zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.
Təklif edilən dəyişiklikdə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş, zabit vəzifəsinə təyin edilmiş tam orta təhsilli (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində) gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra kiçik leytenant hərbi rütbəsinin verilməsi imkanı yaradılır.