Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbayan vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmənin keçirilməsi nəzərdə tutulur.
“Report” xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün iş planında yer alıb.
Komitənin iş planına daxil edilən digər məsələlər aşağıdakılardır:
- Vətən müharibəsi dövründə və ondan sonra Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının hüquqi qiymətləndirilməsi və beynəlxalq təşkilatlarla birgə tədbirlərə dair müzakirələrin keçirilməsi;
- Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycana qarşı təxribatlarının insan hüquqları kontekstində qiymətləndirilməsi, beynəlxalq təşkilatlara bununla əlaqədar davamlı olaraq sənədlərin, hüquqi aktların göndərilməsi;
- Hüquq profilli QHT-lərlə keçirilən görüşlərdə “Komitə yanında İnsan Haqları ilə bağlı Çevik qrupun yaradılması” ilə bağlı təklifin reallaşdırılması yönündə tədbirlərin görülməsi;
- “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsinin hazırlanmasına dair dinləmələr;
- Rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı qanun layihəsinin hazırlanması;
- Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktının hazırlanmasına dair müvafiq dövlət-hökumət qurumları ilə birgə işin təşkili və s.
İş planı müzakirələrdən sonra komitə üzvləri tərəfindən qəbul edilib.