Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 28-də Ərəb Parlamentinin sədri Adel bin Əbdülrəhman əl-Asumi ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, ötən il Vətən müharibəsində əldə etdiyimiz qələbə və Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunması münasibətilə Milli Məclisin sədrini təbrik edən Adel əl-Asumi rəhbərlik etdiyi təşkilatın Parlamentlər Şəbəkəsinə hər cür dəstəyi göstərəcəyini bildirib. Ərəb ölkələrinin Parlamentlər Şəbəkəsində təmsil olunacağını qeyd edən Ərəb Parlamentinin sədri Azərbaycan tərəfindən irəli sürülən bu təşəbbüsün çox vacib olduğunu diqqətə çatdırıb. O, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin qlobal parlament institutuna çevriləcəyinə inamını ifadə edib.
Ərəb Parlamentinin Azərbaycan Milli Məclisi ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən sədr bu istiqamətdə atıla biləcək addımlardan danışıb.
Milli Məclisin sədri Sahibə Qafarova Ərəb Parlamentinin sədrini salamlayaraq, təbriklərə görə təşəkkürünü bildirib. Spiker Azərbaycan tərəfindən irəli sürülən bu təşəbbüsün əhəmiyyətini diqqətə çatdıraraq, qeyd edib ki, ölkəmiz dünyada sülh və təhlükəsizliyin təmin olunması, qlobal problemlərə qarşı birgə mübarizə tədbirlərinin həyata keçirilməsi istiqamətində bir çox təşəbbüslər irəli sürüb. Dünyada qlobal iqtisadi problemlərin, pandemiyanın, ksenofobiyanın mövcud olduğu indiki dövrdə beynəlxalq əməkdaşlığa çox böyük ehtiyac var. Ona görə də, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması çox vacibdir və bu platforma parlamentarilər arasında geniş əməkdaşlıq imkanları yaradacaq.
Görüşdə həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə və regionda yeni yaranmış vəziyyət haqqında qarşı tərəfə məlumat verən spiker Sahibə Qafarova bildirib ki, ölkəmiz ötən il beynəlxalq səviyyədə tanınmış ərazilərini Ermənistanın 30 il davam edən işğalından azad edərək, öz ərazi bütövlüyünü bərpa edib. Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Bu işlər bizim 1 milyon məcburi köçkünümüzün öz yurdlarına qayıtmasını təmin edəcək.
Sahibə Qafarova xatırladıb ki, ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanat Ermənistan və Azərbaycan arasında münaqişəyə son qoyub. İndi suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi üzrə sülh sazişi üzərində işə və sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamaq lazımdır. O, noyabrın 26-da Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirildiyini və bu görüşün müsbət nəticələr verəcəyinə inamını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.