Yuxarı

Əkin yerlərini yandıranlar cərimələnəcək

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda əkin yerlərinin yandırılmasının qarşısının alınması məqsədilə cəza müəyyənləşib.

“Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Məcəlləyə yeni maddə 244-1 bəndi əlavə olunub.

Maddəyə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.

Layihədə bildirilib ki, torpaq qanunvericiliyinin məqsədi torpaq münasibətlərini tənzimləməklə yanaşı, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasından, torpağın münbitliyinin bərpası və artırılmasından ibarətdir. Eyni zamanda qanunvericilikdə kənd təsərrüfatı yerlərinin xüsusi olaraq qorunması təsbit edilib.

Lakin kənd təsərrüfatı yerlərinin, xüsusilə də əkin yerlərinin istifadəsi zamanı mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən bir çox hallarda ciddi nöqsanlara yol verilir. Müşahidələr göstərir ki, ölkənin əksər rayonlarında kənd təsərrüfatı istehsalçıları yalnış olaraq torpaqların münbitliyinin yaxşılaşdırılmasını zənn edərək məhsul yığımından sonra əkin yerlərini, xüsusilə də biçilmiş taxıl sahələrini (kövşənlikləri)yandırırlar. Heç bir elmi əsası olmayan bu cür yanaşma təkcə kənd təsərrüfatına yararlı torpaqlar üçün deyil, həm də ətraf mühitə, insan həyatına ciddi təhlükə yaradır. Əkin yerləri yaradılarkən bitki qalıqları, torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofaunası məhv olur. Torpaqda baş verən təbii bərpa və münbitləşmə prosesi, eləcə də qida maddələrinin balansı pozulur, torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür.

İnzibati Xətalar Məcəlləsində torpaqların münbit qatının korlanmasına, torpaqların təsərrüfatsızcasına istifadə edilməsinə və onların mühafizəsi üçün məcburi tədbirlərin görülməməsinə görə inzibati tənbeh növləri müəyyənləşdirilib. Bu tələbləri pozan təqsirli hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Lakin Məcəllədə əkin yerlərinin yandırılması əməli torpaq münbitliyinə və ətraf mühitə ziyan vuran amil kimi təsbit olunmadığı və buna görə məsuliyyət nəzərdə tutulmadığı üçün bu cür hallar davamlı xarakter daşıyır. Bu eyni zamanda əkin yerlərinin yandırılması hallarının qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsinə imkan vermir.

Dəyişikliyin əsas məqsədi əkin yerlərinin, xüsusilə də taxıl biçinindən sonra kövşənliklərin yandırılması hallarının və nəticədə baş verə biləcək daha ciddi fəsadların qarşısının alınması üçün müvafiq məsuliyyət növünün müəyyən edilməsindən ibarətdir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi