Yuxarı

Əcnəbilərin Azərbaycanda qeydiyyata alınma proseduru sadələşdirilir

Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir

Bakı. 24 noyabr. REPORT.AZ/ Əcnəbilərin Azərbaycanda qeydiyyata alınma proseduru sadələşdirilir.

“Report”un xəbərinə görə, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə edilən əlavəyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmayacaq.

Layihədə bildirilib ki, Miqrasiya Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Müvafiq dəyişikliyə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. Hazırki dəyişikliyin məqsədi əcnəbinin Azərbaycanda qeydiyyata alınma prosedurunun sadələşdirilməsindən ibarətdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi