Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, qanuna dəyişiklik layihəsi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq hazırlanıb. Həmin fərmanla ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə kompleks tədbirlər nəzərdə tutulub.
Dəyişikliklə qanuna yeni maddə də əlavə edilir. Əlavəyə görə, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən olunur.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.