Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, dəyişikliklə notariat hərəkətlərinin aparılmasına görə iki halda dövlət rüsumu ödənilməyəcək.
Dəyişikliklə notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu ödənilməyəcək. Eyni zamanda digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə də dövlət rüsumu ödənilməyəcək.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.