Dövlət Komitəsi ailə məhkəmələrinin və ailə psixoloqu institutunun yaradılmasını təklif edir

Dövlət Komitəsi ailə məhkəmələrinin və ailə psixoloqu institutunun yaradılmasını təklif edir Bu gün ölkədə psixoloji xidmət istənilən səviyyədə deyil.
Milli Məclis
17 Aprel , 2024 12:25
Dövlət Komitəsi ailə məhkəmələrinin və ailə psixoloqu institutunun yaradılmasını təklif edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda ailə məhkəmələrinin və ailə psixoloqu institutunun yaradılmasını təklif edir.

“Report” xəbər verir ki, bu təklifi qurumun sədr müavini Aynur Sofiyeva aprelin 17-də parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə irəli sürüb.

O söyləyib ki, ailə psixoloqu institutunun yaradılması ilə yanaşı ailə məhkəmələrinin təsis olunması çox vacibdir: “Ailə məhkəmələrinin təcrübəsini öyrənəndə məlum olur ki, orada psixoloqlar, sosial işçilər, hüquqşünaslar birlikdə ailələrə dəstək göstərirlər, ailə çəkişmələrinin təsirlərini azaldırlar, eyni zamanda ailələrin bərpasına böyük dəstək olurlar”.

A.Sofiyeva diqqətə çatdırıb ki, hazırda Azərbaycanda psixoloji xidmət istənilən səviyyədə deyil.

Onun sözlərinə görə, psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var: “Azərbaycanda ailə psixoloqu məsələsinin instutisional səviyyədə həll olunmasının artıq vaxtı çatıb. Bu gün ailə məsələlərindən danışanda ən narahatedici məsələ boşanmaların artmasıdır. Ailə daxili münasibətlərdə psixoloji məqamların rolu çox böyükdür. Ona görə də bu məsələyə daha diqqətlə yanaşmalıyıq”.

Son xəbərlər

Orphus sistemi