Yuxarı

Dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı araşdırmanın müddəti uzadılır

Dərmanlarla bağlı tələb sərtləşdirilir

Azərbaycanda dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətanın araşdırılması müddəti 1 ilədək uzadılır.

“Report” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 38-ci (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə) maddəsinin birinci bəndinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər.

Lakin yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər.

Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsi məsuliyyət nəzərdə tutur. Buraya bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitən, dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı daxildir.

Layihədə 3 ay müddəti dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətaların araşdırılması üçün yetərli olmadığından həmin inzibati xətalar üzrə müddətin 1 ilədək uzadılması təklif olunub.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi