Deputat: “Ötən il Azərbaycanın beynəlxalq imici qorunub saxlanılıb”
- 31 may, 2022
- 09:22
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazandığımız tarixi zəfərdən sonra əsas hədəflərimiz işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulmasıdır”.
“Report”un xəbərinə görə, bunu deputat Mahir Abbaszadə Milli Məclisin bu gün keçirilən iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ötən ilin dövlət büdcəsində neftin qiymətinin 40 dollar götürülməsi ilə ölkədə makroiqtisadi sabitliyin qorunmasına nail olunub: “Hesab edirəm ki, dövlət büdəcəsinin icrası zamanı hökumət qarşıya qoyulan tapşırıqlara əməl edə bilib. Zəfər yolunun çəkilişi, Füzulidə beynəlxalq hava limanının tikilməsi və istifadəyə verilməsi, bu yaxınlarda cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Zəngilan rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı kimi müsbət halları qeyd edən zaman bunun maliyyə təminatını xüsusi vurğulamalıyıq”.
Deputat onu da qeyd edib ki, görülən işlər nəticəsində ötən il Azərbaycanın beynəlxalq imici də qorunub saxlanılıb: “Azərbaycanın götürdüyü öhdəliklər vaxtında yerinə yetirilib”.