Yuxarı

Deputat Ombudsmanın 2017-ci il üzrə məruzəsinə münasibət bildirib

© Report — Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli

Bakı. 20 aprel. REPORT.AZ/ Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsinə münasibət bildirib.

“Report”un xəbərinə görə, T.Kərimli məruzənin normal hazırlandığını, bütün sahələr üzrə görülən işlər barədə məlumatların əks etdirildiyini qeyd edib.

O vurğulayıb ki, məruzədə qeyd olunan mənzilə ehtiyacı olan vətəndaşların mənzilə olan tələbatının ödənilməsi, ipoteka kreditlərinin şərtlərinin yüngülləşdirilməsi, işləyən pensiyaçıların məcburi dövlət sığorta haqqı ödəməkdən azad edilməsi, özəl tibb müəssisələrinə nəzarətin gücləndirilməsi, aztəminatlı ailələrin üzvlərinin təhsil haqqında güzəştlərin edilməsi, uşaq televiziyasının yaradılması və s. təkliflər müsbət qiymətləndirilməlidir: “Milli Məclisin plenar iclaslarının birində şəhid ailələrinə kompensasiyaların ödənilməsi ilə bağlı çıxış etmişdim. Bildirmişdim ki, şəhid ailələrinin mənzil təminatı haqqında prezidentin fərmanı icra edilməlidir. Prezident İlham Əliyev fərmanla kompensasiya məsələsini həll etdi. Mənzil məsələsinin də həll edilməsi üçün Ombudsman köməklik göstərməlidir. Eyni zamanda problemli kreditlərlə bağlı da təkliflər irəli sürülməlidir. Düşünürəm ki, qanunverici təşəbbüslə çıxış edə bilən orqanlar insan haqları ilə bağlı layihələri öncədən rəy almaq üçün Müvəkkilə təqdim etməlidirlər. Vəkillərin sayının və iş həcminə görə ödənişin artırılması üçün konkret rəqəmlər təklif olunmalıdır. Müvəkkilin Amnistiya Aktının qəbul olunmasını istəməsini yüksək qiymətləndirirəm”.

Deputat qeyd edib ki, Ombudsmanın təklifləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı kompleks yaradılması da olmalıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi