“Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanat müharibəyə son qoymaqla regionda sülh, və əməkdaşlıq üçün yeni imkanlar açdı. Dağlıq Qarabağ münaqişəsi başa çatıb və bölgədə yeni mərhələnin başlanması üçün tarixi fürsət yaranıb. Təəssüf ki, bəzi dövlətlər heç bir sağlam məntiqə sığmayan addımları ilə bu tarixi fürsətə mane olmağa çalışır”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Rusiya slühməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndələrinin Fransa Senatında Respublikaçılar fraksiyasının rəhbəri, Valans şəhərinin meri və Ron-Alp regionunun Qrenobl rayonunun rəsmiləri səviyyəsində qəbul edilməsi, Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirə bilməməyin və ikili standartların təzahürüdür: “Yerli hökumət nümayəndələrinin xarici siyasət sahəsində atdıqları addımlar Fransa qanunvericiliyinə ziddir. ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Vətən müharibəsi dövründə, müharibədən sonra və bu gün nümayiş etdirdiyi mövqe Azərbaycan cəmiyyətində və hökumətində haqlı suallara səbəb olub. Biz bu suallara indi də cavab ala bilməmişik. Fransa parlamentinin hər iki palatası qərəzli və beynəlxalq hüquqa zidd qətnamələr qəbul edib. Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Fransanın müxtəlif şəhər və bölgələri işğalda olan ərazilərlə 28 qeyri-qanuni “sənədlər” imzalayıb. Səfirliyimizin fəaliyyəti nəticəsində bunlardan 11-i məhkəmə qərarları ilə ləğv edilib, 2-si barədə isə məhkəmədə iddia qaldırılıb”.
Deputat xatırladıb ki, Azərbaycan 44 günlük müharibə nəticəsində ərazi bütövlüyünü bərpa edib: “İndiki mərhələdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti yalnız Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına xidmət edə bilər. Hesab edirəm ki, Fransanın bəzi dövlət qurumları bu cür qərəzli addımlar atmaqdansa Fransa səfirinin işğaldan azad olunmuş Ağdama dünənki səfəri zamanı gördükləri dağıntılarla əlaqədar təəssüratlarını öyrənsəydilər daha düzgün olardı”.
O deyib ki, bu günlərdə Fransada Azərbaycana dost fransız deputatlarla birlikdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirlərdə iştirak zamanı noyabr ayının 23-də Fransa Senatında senatın prezidentinin himayəsi və Ermənistan parlament nümayəndə heyətinin iştirakı ilə “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qərəzli qətnamənin qəbul edilməsinin ildönümünə həsr olunan tədbirin keçirilməsi məlumatını əldə ediblər: “Bu, bir daha Fransanın münasibətinin nə qədər qərəzli olduğunu və Minsk Qrupunun həmsədri kimi öz öhdəliklərini yerinə yetirə bilmədiyini göstərir”.