"20 Yanvar hadisələrinin 31-ci ili tamam oldu. Amma bu dəfə Azərbaycan cəmiyyəti tamam başqa əhval-ruhiyyədə idi. Sanki hər kəsdə bir mənəvi rahatlıq var idi. 20 Yanvar hadisələri zamanı şəhid olan insanların ruhu şaddır. Çünki onların canlarını qurban verdiyi müstəqil Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 20 Yanvar hadisələri zamanı qəhrəmanlıq göstərən azərbaycanlıların davamçıları, Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında mənfur düşməni ağır məğlubiyyətə uğradaraq ərazi bütövlüyümüzü bərpa etdi".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
O vurğulayıb ki, 20 Yanvar hadisələri zamanı şəhid olan insanların qanı yerdə qalmayıb: "Bu il Şəhidlər Xiyabanını ziyarət edənlər içərisində gənclər üstünlük təşkil edirdi. Bu gənclər nə 20 Yanvar hadisələrinin canlı şahidi olublar, nə də 30 ilə yaxın vaxt ərzində işğal altında olan torpaqlarımızda olublar. Amma buna baxmayaraq, Azərbaycan gəncləri hər zaman tariximizə, mədəniyyətimizə böyük diqqət göstərmiş, Azərbaycançılıq ideologiyasını həyat tərzlərinə çevirmişlər. Məhz bunun nəticəsidir ki, Vətən müharibəsi zamanı məhz Azərbaycan gəncləri tarixi qəhrəmanlıq göstərərək torpaqlarımızın işğaldan azad olunmasında vacib rol oynadılar. Bugunkü Azərbaycan gənclərinin həyatda formalaşma dövrü Prezident İlham Əliyevin hakimiyyəti dövrünə düşür. Prezident İlham Əliyev isə hər zaman bütün məsələlərdə Azərbaycan maraqlarını müdafiə edib, ölkəmizin inkişafı üçün tarixi fəaliyyət göstərib. Prezidentin bu fəaliyyəti gənclərimiz tərəfindən də aktiv şəkildə izlənilib və dəstəklənib. Prezident regionlara səfərləri zamanı əksər hallarda gənclərlə görüşüb və onlara olduqca vacib tövsiyələr verib. Bütün bu sadaladığımız məqamlar Azərbaycanda sağlam gənc nəslin formalaşmasına təsir göstərmişdir. Azərbaycan gəncləri bundan sonrakı dövrdə də Prezidentin ətrafında sıx birləşəcəklər".
Deputat xatırladıb ki, 1994-cü ildə atəşkəs müqaviləsi imzalanandan sonra yaranan ilk dövlət qurumu Gənclər və İdman Nazirliyi olub: "Ulu öndər Heydər Əliyev bu qurumu yaratmaqla Azərbaycanda gənclər və idman siyasətini dövlət siyasətinin tərkib hissəsi elədi. Ulu öndər yaxşı bilirdi ki, sağlam Azərbaycan gəncliyinin formalaşması müstəqil Azərbaycanın güclü olması üçün çox böyük əhəmiyyət kəsb edir. Ulu öndərin Azərbaycan üçün olan arzuları Prezident İlham Əliyevin idarəçiliyi ilə gerçəkləşdi. Ərazi bütövlüyümüzün bərpası ilə ölkəmiz üçün yeni mərhələ başlayır. Düşünürəm ki, bundan sonrakı dövrdə də Azərbaycan gəncləri ölkəmizin inkişafı üçün əllərindən gələni edəcəklər".